Lənkəranda evlərdən oğurluq edən gənc yaxalanıb

Lənkəran Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki oğurluq faktında təqsirli bilinən rayon sakini saxlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, məlum olub ki, rayonun Sütəmurdov kənd sakini, 21 yaşlı Nurlan Cəsarət oğlu İbrahimli həmkəndlisi Mirvari Əbdüləzim qızı İbadovaya məxsus evdən məişət texnikasını oğurlayaraq, ev sahibinə 1230 manat məbləğində maddi ziyan vurub.

 

Bununla kifayətlənməyən Nurlan İbrahimli digər bir həmkəndlisi olan Elşad Cahangir oğlu İbrahimovun da evini yağmalayıb. Belə ki, evə gizli yolla daxil olan Nurlan İbrahimli oradan ümumi dəyəri 3020 manat məbləğində olan məişət texnikasını oğurlayıb.

 

Keçirilmiş tədbir nəticəsində Nurlan İbrahimli yaxalanaraq, istintaq orqanlarına təhvil verilib.

 

Faktla bağlı Lənkəran RPŞ-də Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv