Yanukoviçin Krımda həbs olunma xəbəri yayıldı, administrasiya rəhbərləri istefa verir

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Kırmda həbs olunması barədə xəbərlər yayılsa da, daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov bu xəbərləri təsdiqləməyib. Hazırda Yanukoviçin harada olduğu bəlli deyil. İnternetdə isə güc strukturlarının Maydanda aksiya iştirakçılarına atəş açdığını sübut edən yeni kadrlar yayımlanıb.

 

Krımın fəaliyyət olan rəhbərliyi Ukrayna Ali Radasının qərarlarını yerinə yetirəcəklərini, regionun güc strukturlarının parlament rəhbərliyinin təyinatlarına tabe olacaqlarını bəyan edib. Krımın baş naziri Anatoli Moqilyov bildirib ki, Ali Rada ölkədə vəziyyətə görə məsuliyyəti öz üzərinə götürdüyünə görə, regional strukturlar parlamentin tələblərini yerinə yetirməyə hazırdır. Regionlarda administrasiya rəhbərləri isə istefa verməkdə davam edir. Artıq ölkənin qərbində və mərkəzində yerləşən 11 vilayətin administrasiya rəhbəri istefa verdiyini açıqlayıb.

 

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə Ali Komissarı Ketrin Eşton bu gün Kiyevə səfər edəcək. Dünən axşam isə Rusiya prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub. Tərəflər Ukraynanın ərazi bütövlüyünün qorunmasının zəruriliyi haqqında razılığa gəliblər. Bundan başqa Putin və Merkel Kiyevdə keçid hökumətinin formalaşdırılmasının da vacibliyini vurğulayıblar. Litvanın xarici işlər naziri Linas Linkyaviçyus isə bildirib ki, yaxın zamanlarda Avropa Birliyi ilə Ukrayna arasında assosiativ saziş imzalanacaq. Polşanın xarici işlər naziri Radoslav Sikorski öz bəyanatında  Ukraynanın Rusiya ilə əməkdaşlığı bərpa etməli olduğunu vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv