Londonda "Xocalıya ədalət!" şüarları səslənib
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda parlament qarşısında “Xocalıya Ədalət” aksiyası keçirilib. APA TV-nin xəbərinə görə, aksiya Londonda təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar təşkil olunub. Bir neçə saat davam edən mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələr, xeyli sayda yerli sakin iştirak edib. Əllərində Xocalı hadisələri zamanı ermənilərin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar ediblər. Aksiya çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşurlar paylanıb. Aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başa çatıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar təşkil olunur.