Araz Əzimov Suriyada döyüşən azərbaycanlılardan danışdı
"Suriyadakı döyüşlərdə iştirak edən ayrı-ayrı şəxslərin Azərbaycan əsilli olması ölkəyə və Azərbaycan-Suriya münasibətlərinə kölgə sala bilməz".
Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi Suriyadakı münaqişənin sülh yolu ilə həll edilməsini arzuladığını və bu prosesə dəstək verməyə hazır olduğunu dəfələrlə bəyan edib: "Bu insanlar Azərbaycan vətəndaşlardılarsa, qeyri-qanuni yolla Suriyaya gedib orada hansısa fəaliyyətlə məşğul olurlar. Kimsə həlak olursa, əlbəttə ki, bu, xoşagələn hal deyil. Bunun arxasında həm insanın şəxsi düşüncəsi, həm də konkret maddi maraq dayana bilər. Bildiyiniz kimi, bu cür insanlara adətən muzd verirlər".
Araz Əzimovun sözlərinə görə, buna genişmiqyaslı proses kimi baxılmamalıdır. O bütün hallarda baş verənlərin kədərləndirici olduğunu diqqətə çatdırıb.