Rusiya Ukrayna sərhədində qoşun cəmləşdirir - MAYDAN LİDERLƏRİ

Rusiya Ukrayna sərhədinə əlavə hərbi qüvvələr yerləşdirməyə başlayıb. APA TV-nin məlumatına görə, bu barədə Ali Radanın iclasında çıxışı zamanı “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok deyib. O, Müdafiə Nazirliyindən bu məlumatı yoxlayaraq parlamentə hesabat verməyi tələb edib. Tyaqnibokun sözlərin görə, bu gün Sevastopola heyətində 200 desant və zirehli texnikanın olduğu gəminin gəlməsi planlaşdırılır. Bundan başqa Soçidən Anapaya 6 ədəd Mi-8 döyüş vertolyotu göndərilib.

 

ABŞ da Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsini dəyərləndirib. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bildirib ki, Kremlin Ukraynaya hərbi müdaxilə etməsi çox ciddi səhv olardı.

 

Ukraynada yeni hökumət quruculuğu prosesi isə davam edir. “Batkivşina”nın lideri Arseni Yatsenyuk Radada çıxışı zamanı bildirib ki, Maydan liderləri yeni hökumətdə təmsil olunmalıdır. Ali Radanın sədri və prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov yeni hökumətin tərkibinin sabah tam məlum olacağını deyib.

 

Bu arada jurnalistlər ölkənin sabiq baş prokuroru Viktor Pşonkanın malikanəsinə daxil ola biliblər. Evdə çoxlu sayda qiymətli dini kitablar, rəsmlər, soyuq silah kolleksiyası, bahalı mebel aşkarlanıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı