SOCAR-da ixtisara düşən işçilərin sayı açıqlandı
"Azərbaycan Dövlət Neft Şirkəti keçən ilin IV rübündən beynəlxalq standartlara uyğun olaraq, təkmilləşdirmə prosesinə başlayıb. Bu məqsədlə şirkət 5 aydır ki, kənardan işçi qəbulunu dayandırıb".
APA TV-nin xəbərinə görə, bunları ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov deyib: "ARDNŞ-də 7222 nəfər idarələrin birləşməsi nəticəsində ixtisara düşüb. 6418 nəfər ARDNŞ-də vakansiyaların hesabına yerləşdirilib. Bunlardan 167-si qulluqçu, 362 nəfər fəhlə idi. 7222 nəfərdən 108 nəfəri öz xahişi ilə işdən çıxıb gedib".
İxtisara düşən neftçilərin taleyinə gəlincə, Xalik Məmmədov deyib ki,
7222 nəfərdən 96 faizi müəyyənləşib: "4 faiz hələ müəyyənləşməyib. 4346 vakansiya var. 3098 mövcud vakansiya var. Sərbəstləşən işçilərin ixtisasları tələbata uyğun olmadığına görə cəlb oluna bilməyiblər. Elələri olacaq ki, ixtisasartırmaya cəlb olunacaq, elələri də ola bilər ki, ixtisasartırmaya getmək istəməyəcək. Biz iş yerinin yaradılmasına çalışacağıq. 1245 təqaüdçü var. Onların getməsi hesabına işçi yeri olacaq. 43 yerə imtahan keçiriləcək. Bu həftə ərzində 64 nəfər 43 yer üçün imtahana girəcək".
İxtisarlar əsasən şirkətin Geofizika və geologiya, Neft kəmərləri, Sosial inkişaf, Qaz İxracı idarələri, Kompleks Qazma İşləri Tresti və «Azneft» İB-nin müəssisələrində aparılan struktur dəyişiklikləri nəticəsində baş verib.