Bakıda POLİS RƏİSİNİN MÜAVİNİ VƏ OĞLUNU GÜLLƏLƏYƏN ŞƏXS TUTULDU
Bakıda polis rəisinin müavinini və onun oğlunu güllələyən şəxs tutulub. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gülağa Lətifov yaşadığı evin yaxınlığında saxlanılıb.
Fevralın 23-də Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq, hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib.
Gülağa Lətifovun açıq idman meydançasında tikinti işləri aparması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə Gülağa Lətifov qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Hadisə yerindən 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə Gülağa Lətifovun evindən 19 ədəd patron götürülüb.
APA TV-nin xəbərinə Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.