Dmitriy Tereburke: "Azərbaycanlılara qarşı dəhşətli cinayət törədilib"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib. APA TV-nin xəbərinə görə, konfransda çıxış edən Moldova Qiymətləndiricilər Birlikləri Assosiasiyası sədri Dmitriy Tereburke deyib ki, azərbaycanlılara qarşı törədilən cinayət dəhşətlidir və bunu törədənlər tezliklə öz cəzalarına çatmalıdırlar.
Almaniya Bundestaqının üzvü Volkan Baran bildirib ki, Almaniya qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır.
Baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov isə deyib ki, Xocalı faciəsi erməni şovinistlərinin son 200 il ərzində Azərbaycan türklərinə qarşı apardığı mübarizənin məntiqi davamı idi. Onun sözlərinə görə, hazırda dünyanın 3 ölkəsində Xocalı soyqırımı ilə bağlı abidə qoyulub, bir neçə ölkədə, o cümlədən ABŞ-ın 4 ştatında soyqırım tanınıb.
Konfransda daha sonra çıxış edən yazıçı Çingiz Abdullayev isə bildirib ki, indiyə qədər Heydər Əliyev Fondunun dəstəyiylə müxtəlif dillərdə Xocalı ilə bağlı kitablar nəşr edilib.
Dağlıq Qarabağ Azərbaycanlı İcmasının sədri Bayram Səfərov təəssüflə vurğulayıb ki, bır çox dövlət hələ də ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyir. Buna baxmayaraq, biz öz mübarizəmizdən daşınmayacağıq.