“Razin tolkuçka”nın aqibəti necə olacaq? - RƏSMİ

Sabunçu Rayon İcra Hakimiyyəti “Razin tolkuçka”sı kimi tanınan “AzərBiznes” ticarət mərkəzinin müasir standartlara cavab verən şəkildə yenidən qurulması üçün zəruri tədbirlərin görülməsi barədə xüsusi göstəriş verib. Yarmarkanın sökülməsini satıcılar etirazla qarşılayıblar. Onların sözlərinə görə, satıcılara heç bir xəbərdarlıq olunmadan yarmarka sökülüb.

 

İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Həsənov APA TV-yə açıqlamasında bildirib ki, həmin ticarət mərkəzi heç bir standartlara cavab vermir: "Orada müasir ikimərtəbəli ticarət mərkəzinin tikintisi razılaşdırılıb. Həm yarmarkanın ərazisinin üçdə iki hissəsi saxlanmaqla arxa hissədə həmin o tikinti işlərinin aparılması onlara təklif olunub. Hətta bununla bağlı tərəfimizdən eskiz də onlara təqdim edilib. Hər dəfə firmanın rəhbərliyi razılaşsa da, sonradan nədənsə razılığa əməl olunmur".

 

Qəzənfər Həsənov deyir ki, narazılığı nəzərə alaraq, rayonun icra başçısı Adil Vəliyev “AzərBiznes” ticarət mərkəzinin direktoru Vahid Abdulov və həmin şirkətin bir neçə satıcısı ilə görüş keçirib. Ticarət mərkəzinin normal fəaliyyət göstərməsi üçün şirkətin rəhbərliyi qarşısında bir neçə şərt qoyub. Həmin şərtlər tıxac probleminin həlli, yarmarkadakı kriminal vəziyyətə və bazara nəzarətin gücləndirilməsi üçün Mühafizə Polisi ilə müqavilə bağlanılması, ərazidə 50 ədəd nəzarət kameralarının quraşdırılması, sanitar vəziyyətə xüsusi diqqət yetirilməsi ilə əlaqədardır. Həmçinin, tövsiyyə edilib ki, bazarda müasir standartlara cavab verən yeraltı və ya yerüstü avtomobil dayanacağı olan müasir ticarət mərkəzinin tikilməsi planlaşdırılsın. Tapşırılıb  ki, sentyabrın 1-nə qədər qeyd olunan işlərin müəyyən hissəsinin həyata keçirilməsi təmin edilsin.

 

Ticarət mərkəzinin direktoru Vahid Abdulov isə APA TV-yə bildirib ki, fevralın 21-də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı və Sabunçu Rayon Polis İdarəsinin rəisinin iştirakı ilə ticarət mərkəzinin dam örtüyü texnika vasitəsi ilə sökülməyə başlanıb."Aparılan danışıqlardan sonra söküntü işləri dayandırıldı və bazar rəhbərliyini satıcılarla birlikdə rayon İcra Hakimiyyətinin binasına görüşə çağırdılar".

 

Vahid Abdulovun sözlərinə görə, hazırda RİH başçısının tapşırdığı işlərin yerinə yetirilməsi tədbirlər görürülür.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova