Azərbaycanda bəzi QHT-lərin təlimlərində hakimiyyət çevrilişinə dair vəsaitlər təbliğ olunur
APA TV-nin Fondun Azərbaycandakı tərəfdaşları ilə bağlı apardığı araşdırma zamanı məlum olub ki, hələ 2005-ci ilin fevralında “Diktaturadan demokratiyaya keçid” vəsaiti “Yox” Hərəkatının sifarişi ilə Azərbaycan dilinə tərcümə olunub.
Xatırladaq ki, “Yox” hərəkatının yaradıcısı AXCP sədrinin xarici məsələlər üzrə müavini Razi Nurullayev olub. “Yox” hərəkatı da məhz 2005-ci ilin fevral ayında təsis edilib. “Diktaturadan demokratiyaya doğru” vəsaitinin “Dinc mübarizə metodları” bölümündə sadalanan üsullar belədir: məmurların daban-dabana izlənməsi, məmurların ələ alınması, əsgərlərlə qardaşlaşma, etiraz soyunmaları, gecələr keşikdə durma, dini hərəkatlar, gizli etiraz mitinqləri və s.
Sözügedən kitablar daha çox ictimai sektorun fəalları, siyasi aktivistlər və jurnalistlər üçün nəzərdə tutulub. Bəzi terminlər və onların izahı geniş verilib. Xüsusi qeyd olunub ki, jurnalistlər məhz bu terminlərdən istifadə etməklə “vəziyyətin xarakterini daha dəqiq çatdırmalı, vətəndaşda vəziyyətin “xoflandırıcı” olması barədə tam təəssürat yaratmalıdır".
Amma məsələn, “Qeyri-zorakı yolla dəyişikliyin 198 metodu" adlı vəsaiti oxuduqda, üsulların "qeyri-zorakı" olduğu görünmür...
Məsələn, təlimin "demokratik dəyişikliklər" bölümündə qansız çevriliş, hakimiyyətlə siyasi və sosial əsnada əməkdaşlığı boykot, vətəndaş itaətsizliyi, kütləvi tətillər, vətəndaş qiyamı kimi bölmələr var. Burda bu cür halları yetişdirməyin vasitələri barədə də qeydlər əksini tapıb.
Daha sonra isə jurnalistlərə bu növ “demokratik dəyişikliklər” zamanı labüd sonluq kimi “devrilmiş hakimiyyətin ölkədən qaçması variantları” göstərilir.
Yeri gəlmişkən, məşhur "Wikileaks" sənədlərində də bu institut barədə xeyli məlumat var. Məlumatlarda göstərilib ki, "hegemoniya institutu" 60-70-ci illərdən etibarən ABŞ-da reallaşdırmasına başlanılan “digər dövlətləri özündən asılı vəziyyətdə inkişaf etdirmək” adlı xüsusi sxemin əsas oyunçularından biridir. Məhz bu institutun hazırladığı təlim vəsaitləri və strateji plan əsasında humanitar fondlara “demokratik inkişaf”, başqa sözlə, psixoloji zombiləşdirmə üçün külli-miqdarda vəsaitlər ayrılıb, daha sonra isə həmin ölkədəki “xoşagəlməz faktor aradan qaldırıldıqdan sonra” yenə eyni institutun tövsiyələri ilə vəsait kəskin azaldılıb və ya ümumiyyətlə kəsilib.
Araşdırmalar zamanı məlum olub ki, Albert Eynşteyn Fondunun son illər ərzindəki əsas maliyyə qaynağı Milli Demokratiya İnstitutu və NED-dir.
“Wikileaks” sənədlərində bu institut barədə həm də qeyd edilib ki, o, işlədiyi ölkələrdə “Freedom House” və Beynəlxalq Respublikaçılar İnstitutu ilə tərəfdaşlıq edir. Hazırda “Albert Eynşteyn”in əsas tərəfdaşı bir vaxtlar inqilab hazırladığı Serbiyada yaradılmış CANVAS (Center for Applied NonViolent Action and Strategies) təşkilatıdır.
Məlumata görə, bu təşkilat Gürcüstan, Ukrayna və ərəb ölkələrindəki çevrilişin əsas təşkilatçısı olub, öz təbliğat vasitələrini müxtəlif dillərə tərcümə edərək, yerli vətəndaş cəmiyyəti institutu təmsilçiləri ilə əməkdaşlıq qurub.
“Wikileaks"in bu ilin fevral ayında açıqlanmış son məlumatına görə, CANVAS-ın hazırda işlədiyi ölkələr arasında Azərbaycanın da adı var. Məlumata görə, bu təşkilat hazırda işlədiyi ölkələrdə “Azadlıq evi”, Amerika Sülh İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, Soros Fondu ilə əməkdaşlıq edir.
Sənədlərdə o da vurğulanır ki, CANVAS-ın son illərdəki fəaliyyəti ABŞ üçün uğurludur və Vaşinqtonun “taktiki tapşırıqlarının” reallaşmasında “yaxşı rol oynayır”.