Çobanzadə küçəsində zəncrvari qəza: “Jiqulu” iki “Mercedes” və bir “Kia”nı vurdu!

Ötən gecə Bakıda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Nizami rayonu ərazisində, Çobanzadə küçəsində dörd avtomobil toqquşub. Yüksək sürətlə hərəkət edən VAZ-21015 markalı avtomobilin sürücü idarəetməni itirib. Nəticədə maşın iki "Mercedes" və KİA markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində iki nəfər ağır, bir nəfər isə yüngül xəsarət alıb. Hələlik yaralılardan yalnız birinin adı məlumdur. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA TV-yə verilən məlumata görə, bu xəstəxanaya KİA markalı avtomobilin sürücüsü, 38 yaşlı Məmmədov Fuad Məmməd oğlu aparılıb. Onun kəllə-beyin travması aldığı bildirilir.

Hadisə yerində yanğın təhlükəsi yarandığından və toqquşan maşınlar Çobanzadə küçəsinin hərəkət hissəsini tam bağladığından Fövqəladə Hallar Nazirliyinin 112 Qaynar xətt xidmətinə məlumat verilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv