BAKI KÜÇƏLƏRİNDƏ TIXAC: Avtobusun təkərinin çıxması yolda hərəkətin dayanmasına səbəb oldu
Ötən axşam Bakıda nasaz avtobus tıxaca səbəb olub. APA TV-nin məlumatına görə, 69 saylı marşrutla 20 Yanvar metro stansiyasından Köhnə Günəşliyə gedən iritutumlu sərnişin avtobusunun təkərində problem yaranıb. Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində nasazlığı hiss edən sürücü avtobusu saxlamağa və sərnişinləri düşürməyə məcbur olub. O, hərəkət zamanı avtobusun təkərinin yerindən çıxa biləcəyini, sərnişinlərin həyatı üçün təhlükə yaranacağını bildirib. Avtobusun nəqliyyatın sıx hərəkət etdiyi iki küçənin kəsişməsində dayanması tıxaca səbəb olub.
Hərəkətin intensivliyini təmin etmək üçün əraziyə 10-a yaxın yol polisi əməkdaşı cəlb olunub, hadisə yerinə usta çağırılıb. Amma avtobusun təmiri uzun çəkdiyindən, yoldakı tıxac xeyli davam edib.
Sürücünün sözlərinə görə, bir qədər əvvəl avtobus parkında təkəri təmir etsələr də, hərəkət zamanı yenidən problem yaranıb.