Ukrayna hökumətində əsas postların sahibləri açıqlandı, Timoşenko Almaniyaya gedir

Ötən axşam Ukrayna Ali Radasında hökumətdə əsas postları tutacaq adamların adları açıqlanıb. Ölkəyə yeni baş prokuror, Milli Təhlükəsizlik Xidmətinin və Milli Bankın rəhbərləri seçilib. Bundan başqa yeni hökumətin qurulması üçün iş aparılır. Hökumət qurulmadan Avropa Birliyindən Ukrayna üçün çox vacib olan maliyyə yardımını almaq mümkün olmayacaq.

Ali Radanın mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkilərinə maliyyə vəsaiti ayırıb. Spiker və müvəqqəti prezident Aleksandr Turçinov bəyan edib ki, çərşənbə axşamından seçki kampaniyası başlayır və namizədlər irəli sürülə bilər.

Mərkəzi Seçki Komissiyasında isə bildirilib ki, müzakirə olunan bütün namizədlər prezident seçkilərində iştirak edə bilərlər. Təbii ki, bu, həm də keçmiş baş nazir Yuliya Timoşenkoya aiddir. Məhkumluğuna baxmayaraq, o da seçkilərə qatıla biləcək.

Yuliya Timoşenko baş nazir postu uğrunda mübarizəyə qoşulmayacağını bəyan edib. Bundan sonra o, 2,5 ildir görmədiyi anasının yanına - Dnepropetrovska yola düşüb.

Sabiq baş nazir ötən gün Almaniyanın kansleri Angela Merkellə telefonla danışıb. O, kanslerin Berlinin "Şarite" klinikasında müalicə olunmaq təklifini qəbul edib. Yaxın günlərdə Yuliya Timoşenkonun müalicəyə yollanacağı gözlənilir.

Ukrayna Ali Radası 23 siyasi məhbusun azadlığa buraxılması barədə də qərar qəbul edib.

Müəllif | Apa.Tv
Apa.tv