Moskvada iğtişaş törədənlərə həbs cəzası verildi
2012-ci ildə Rusiyanın paytaxtı Moskvanın Bolotnya meydanındakı iğtişaşlara görə başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Təqsirləndirilən 8 nəfərdən yalnız biri şərti olaraq, azadlıqdan məhrumetmə ilə cəzalandırılıb. Digərləri 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarı etirazlarla müşayiət olunub. Azadlıqdan məhrum edilənlərin tərəfdarları Moskvanın Manej meydanında icazəsiz aksiyaya cəhd göstəriblər.
Aksiyanın qarşısı alınıb. Moskva şəhər Daxili İşlər İdarəsinin məlumatına görə, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan 420 nəfər saxlanılıb. Onlar ictimai asayişi pozmaqda təqsirləndirilirlər və qanunvericiliyə uyğun şəkildə cəzalandırılacaqlar.