Saakaşvili: “Rusiya Krımda Abxaziya ssenarisini təkrarlayacaq”
”Rusiya Ukraynanın ərazi bütövlüyünü qorumaq istəyir, bununla belə əgər Krım parlamenti Rusiyaya birləşmək barədə qərar qəbul edərsə, biz o qərarı nəzərdən keçirə bilərik”. Dövlət Dumasının komitə sədri Leonid Slutski Simferopolda bu bəyanatla çıxış edib. Vladimir Jirinovskinin rəhbərlik etdiyi Liberal-Demokrat Partiyasının üzvü olan bir qrup deputat artıq Krıma gedib və yarımada parlamentinin rəhbərliyi ilə görüşlər keçiriblər. Rusiyanın Ukraynaya qarşı Krım faktorundan istifadə edə biləcəyi ilə bağlı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də xəbərdarlıq edib. O bildirib ki, Ukraynanın yeni hakimiyyəti Krıma diqqət ayırmalıdır, çünki Vladimir Putin Gürcüstan ssenarisini eynilə Ukraynada təkrarlamaq istəyəcək. SİTAT: Pis xəbər odur ki, Putin Krım məsələsində nə isə edəcək. Yaxşı xəbər odur ki, siz artıq Putinin nə edəcəyini bilirsiniz. Çünki o bu üsulu Abxaziya və Cənubi Osetiyada sınaqdan çıxarıb. O Rusiya pasportları verəcək, Qara dəniz donanmasından istifadə etmək istəyəcək, təxribat törətməyə çalışacaq”.
Maydanda formalaşan təşəbbüs qrupu isə yeni hökumətin formalaşdırılma qaydaları ilə bağlı tələblər irəli sürüb. Tələblərə əsasən, təşəbbüs qrupu hökumətin partiya üzvü olmayan ictimai xadimlərdən təşkil olunmalıdır.