Bakıdakı ATIŞMADA YARALANANLARDAN DAHA BİRİ ÖLDÜ

Bakıda baş verən atışmada xəsarət alanlarından daha biri dünyasını dəyişib. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, güllə yarası ilə xəstəxanaya daxil olan Yusif Əlipaşayev fevralın 25-də aldığı xəsarətdən ölüb.

 

Xəstəxanadan bildirilib ki, hadisə nəticəsində xəsarət alanlar - Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov Mərkəzi Klinikaya oğlu Asif Nəzərov isə Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb.

 

Fevralın 23-də Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq, hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

G. Lətifovun açıq idman meydançasında tikinti işləri aparması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Hadisə yerindən 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə G. Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib götürülüb.

APA TV-nin xəbərinə görə, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır.

 

Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı