Hansı tələbələr təhsil haqqı ödəmirlər - AÇIQLAMA


Təhsil Nazirliyi Azərbaycanda ödənişli əsaslarla təhsil alan tələbələrin hansı hallarda təhsil haqqını ödəməkdən azad olunmasına aydınlıq gətirib. APA TV-nin xəbərinə görə, nazirliyin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bunlara dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr daxildir. Digər hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar. Təhsil haqqının ödənilməsi ilə bağlı məsələyə gəlincə, qeyd olunub ki, birinci kursdan sonra təhsil haqqı tam və ya tədris ilinin sonunadək hissə-hissə ödənilə bilər. Bu məsələ ali təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova