Ukraynada Nazirlər Kabinetinin tərkibində KİMLƏR OLACAQ?
Ali Radanın sədri Aleksandr Turçinov parlament üzvlərini fevralın 27-nə kimi Nazirlər Kabinetinin tərkibini təsdiqləməyə çağırıb.
APA TV-nin xəbərinə görə, çıxışlar zamanı "Batkivşina" fraksiyasının lideri Arseniy Yasenyuk Kabinetin tərkibinə həkim Olqa Boqomolets, Kiyev-Moqilyan akademiyasının rektoru Sergey Kvit, ictimai fəal İqor Lutsenko, müğənni Ruslana Lıjiçko və Milli müqavimət qərargahının tibbi xidmətinin koordinatoru Oleq Musinin daxil ola biləcəyini deyib.
Daha öncə isə Nazirlər Kabinetinin tərkibinin fevralın 25-i təsdiq ediləcəyi xəbəri verilmişdi.
Bu arada Ukraynanın 23 illik müstəqilliyi boyu parlamentin kümbəzində asılmış sovet ulduzu yerindən çıxarılıb. Bu barədə Ali Radanın iclasında "Azadlıq" birliyinin lideri Oleq Tyaqnibok məlumat verib.
Həmçinin "Evromaydan SOS" Cəmiyyəti axtarışda olan aksiya iştirakçılarının sayını açıqlayıb. Fevralı 25-i tarixinə bu rəqəm 312 nəfərə çatıb. Bu barədə onlar rəsmi "facebook" səhifələrində məlumat veriblər.