Jurnalist Xədicə İsmayılla bağlı səs yazısı parlamentdə mübahisə yaratdı

"Bəzi media orqanlarında Fətullah Gülənin Azərbaycanda tərəfdarlarının olması məsələsi süni şəkildə qabardılır və bu, böhtandan başqa bir şey deyil".

 

APA TV-nin xəbərinə görə, Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, 20-dən artıq millət vəkilinin "nurçular"la əlaqələndirilməsinin heç bir əsası yoxdur: "Kiminsə qara dövriyyələrdə maaş aldığı, qara mühasibatlıqda mükafatlandırıldığı haqqında məsələlər gündəmə gətirilir. Əslində onların təhsil sistemində olmaqla Azərbaycan insanına yaxşı bir təhsil prosesində xidmət edirlər. Ondan o yana onların xüsusi iddiası yoxdur. Konkret faktları varsa, qoy ortaya qoysunlar".

 

Millət vəkili İqbal Ağazadə jurnalist Xədicə İsmayıl barəsində həmkarı  Ceyhun Osmanlının Baş Prokurorluğa təqdim etdiyi səs yazısı barədə danışıb. O, millət vəkilinin kiminsə səsini gizli yazmasını Azərbaycan Konstitusiyasının kobud şəkildə pozulması olduğunu bildirib: “Nəinki, hüquq normaları, bunun həm də mənəvi tərəfləri ilə razılaşmaq mümkün deyil. Bu çox eybəcər tendensiyadır. Hesab edirəm ki, bu tendensiyanın cavabı olaraq, millət vəkili ya buna təkzib verməlidir ki, belə bir şey etməmişəm, edibsə , Azərbaycan Konstitusiyasını pozduğuna görə, cinayət məsuliyyətinə cəlb edilməlidir".

 

Spiker Oqtay Əsədov isə millət vəkillərinə gündəlikdə duran məsələlərdən kənar danışmamağı tövsiyə edib.

 

Müəllif | Apa.Tv