Zeynəb Xanlarova: "Dənizi xalqın əlindən almaq olmaz"
"Bağ evim Nardaranda olduğu üçün tez-tez ora gedirəm və əhali problemləri barədə məni məlumatlandırır".
APA TV-nin xəbərinə görə, bunu deputat, xalq artisti Zeynəb Xanlarova parlamentdə deyib: “Orda camaat narahatdır. Təklif edirəm ki, camaatı ayağa qaldırmayaq. Narazılıqlardan biri odur ki, tikilən villaların hasarları özlərindən hündürdür. Məsələn, mən Binə yolu ilə gələndə görürəm orda evlər tikilir. Dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı-filan yoxdu. Camaat ağlayır ki, dənizin ətrafını hasarlayıblar, dənizi xalqın əlindən almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizdir”.
Xalq artisti vəziyyətin heç də ürək açan olmadığını diqqətə çatdırıb: “Mən artıq qorxuram. Qorxuram ki, orada camaat qalxacaq ayağa”.
Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Azərbaycanda Xəzər sahili ilə bağlı xüsusi qanun qəbul edilməlidir. Onun sözlərinə görə, vaxtilə dənizdən 150 metr məsafədə ev tikmək qadağan olunurdu. Sonra kimlərinsə marağına uyğun olaraq bunu 50 metrə endirildi.
Vitse-spiker Valeh Ələsgərov isə bildirib ki, Xəzəri çirkləndirənlər ayrı-ayrı obyektlərin sahibləridir. Vitse-spiker belə adamları sərt tənqid edib. Onun sözlərinə görə, Azərbaycanlı olan hər kəs Vətənin təmizliyini, o cümlədən Xəzər dənizinin təmizliyini qorumalıdır.