Baharın xəbərçisi - İLK ÇƏRŞƏNBƏ
Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənəylə qeyd edirlər. El dilində onlara “boz ayın çərşənbələri” də deyirlər. İlk çərşənbə suyla bağlıdır. Xalqın inancına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.
AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Seyfəddin Rzasoy APA TV-yə deyir ki, çərşənbələr 4 ünsürün adı ilə adlansa da, onların adlarına uyğun məxsusi ayinin həyata keçirilməsi düzgün deyil: "Od bütün çərşənbələrin atributudur. Dörd çərşənbənin hər birində sadəcə od qalayardılar. Digər şirniyyatlar, yeməklər hər biri son çərşənbədə hazırlanırdı". Folklorşünaslar hesab edir ki, axır çərşənbədə olan adət və ayinləri digər çərşənbələrin üzərinə paylayırlar. Bu isə sonradan yaranan bir ənənədir. Dörd çərşənbədə ünsürlər bir bir oyanır.
Folklorşünas deyir ki, qədim türklərin inancına görə, Tanrı insanı məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, su ilə torpaq külək tərəfindən qarışdırılıb, insan şəklinə salınıb, günəşin altında qurudulub, dördüncü çərşənbədə - ilin axır çərşənbəsində isə ona nəfəs verilib. Beləliklə, dünyaya insan gəlib.
Bakı sakinləri qədim adət ənənələrimizə, inanclarımıza sadiq qalaraq, bu il də su çərşənbəsini qeyd edirlər.
Bu il Novruzun ilk çərşənbəsi fevralın 25-nə, ilaxır çərşənbə isə martın 18-nə təsadüf edir. Ölkədə Novruz bayramı 20, 21, 22, 23, 24 mart tarixlərində qeyd olunacaq. İlk çərşənbəniz Mübarək!