Ukraynada Prezident Administrasiyasının rəhbəri istefa verdi
Ukrayna Ali Radası Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək, keçmiş prezident Viktor Yanukoviçin insanlığa qarşı cinayət törətmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
Parlamentdə bu barədə irəli sürülən sənədə 324 deputat lehinə səs verib. Məhkəmənin özündən Reuters"ə verilən məlumata əsasən, Ukraynadan onlara cinayəti işinin başlanması ilə bağlı müraciət hələ ki daxil olmayıb.
APA TV-nin xəbərinə görə, Radada qəbul edilən sənəddə deyilir ki, deputatlar ölkə ərazisində 2013-cü il noyabrın 30-dan 2014-cü il fevralın 22-nə kimi baş verən etiraz aksiyalarında bütün səlahiyyətli şəxslərin törətdikləri cinayətlərinin araşdırılmasını istəyir.
Bu arada Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyev istefa ərizəsini yazıb. Bu barədə məlumat Prezident Administrasiyasındakı mənbə tərəfindən təsdiq olunub. Daha öncə isə Klyuyevin fevralın 24-də odlu silahdan ayağına açılan atəş nəticəsində yaralanması və xəstəxanada yatması barədə məlumat verilmişdi.
Yeri gəlmişkən, müxalifət liderlərindən Vitali Kliçko keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd olacağını açıqlayıb.