Türkiyədə ETİRAZ AKSİYALARI BAŞLADI
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə oğlu Bilal Ərdoğana aid edilən səs yazısının internetdə yayılmasından sonra Türkiyənin bir çox vilayətlərində əhali küçələrə çıxaraq etiraz nümayişlərinə başlayıb.
Polis bəzi vilayətlərdə etirazçıları gözyaşadıcı qazla dağıdıb.
APA TE-nin xəbərinə görə, İzmir, İstanbul, Eskişehir və Muğla da daxil olmaqla 10-a yaxın vilayətdə nümayişlər qeydə alınıb. Bəzi vilayətlərdə polislə etirazçılar arasında toqquşma baş verib.
500 nəfərdən ibarət qrup İstanbulda hakim partiya AKP-nin binasına hücum etmək istəyib. Polis onların qarşısını kəsib və su şırnaqları ilə partiyanın ofisindən uzaqlaşdırıb. Polislə nümayişçilər arasında gərginlik yaşanıb. İzmitdə isə 300 nəfərlik qrup AKP-nin rayon bölməsinin binasını yumurta yağışına tutub.