Avropa Azərbaycan Cəmiyyəti Parisdə erməni təhdidilə üzləşdi
Fevralın 24-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Fransadakı nümayəndəliyi Parisdə 18-ci əsrə aid tarixi abidə - “Église Saint-Roch” kilsəsində Xocalı faciəsini anma konserti təşkil edib.
APA TV-nin xəbərinə görə, konsertə xarici diplomatlar, Azərbaycanın dostları və musiqi sevərlərdən ibarət 260 qonaq qatılıb. Konsert proqramında Azərbaycan və Avropa klassik musiqisinin zəngin nümunələri yer alıb. Bu əsərlər 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qırğın zamanı 613 nəfər dinc sakinin xatirəsini ithaf olunub.
Konsertdən əvvəl AAC-ın Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Xocalı qətliamı gənc, müstəqil Azərbaycanın tarixində ən kədərli səhifədir.
Fransız bəstəkar Pyer Tilloy Azərbaycanın daimi ziyarətçilərindən olduğunu, qəlbində Azərbaycanın öz yeri olduğunu deyib: “Mən bu iki xalqın arasında barışığın olacağına inanıram və həlak olmuş insanların xatirəsini yad etmək üçün “Xocalı 613” adlı musiqi əsərini orkestr üçün bəstələmişəm”.
Qeyd olunub ki, tədbir zamanı Fransa polisi yerli erməni diasporunun radikal üzvlərinin təhdidi altında işləməli olub.
AAC direktoru Lionel Zetter tədbirin problemsiz baş tutmasını təmin etdikləri üçün Fransa hökumətinə və yerli polisə təşəkkür edib. O bildirib ki, ermənilər planlaşdırdıqları kimi kilsəni mühasirəyə almaq əvəzinə, öz vərəqələrini yaxınlıqdakı metro stansiyalarında paylamağa məcbur qalıblar.