"BERKUT" LƏĞV EDİLDİ
Ukrayna "Berkut" xüsusi təyinatlı polis dəstəsi ləğv edilib. Bu barədə daxili işlər naziri səlahiyyətlərini icra edən Arsen Avakov "facebook" səhifəsində məlumat verib.
Ukraynadakı yeni hökumətə etiraz edən Krım əhalisi isə Krımın Ali Sovetinin binasına Rusiya bayrağını asıb. Həmçinin, aksiyaçılar parlamentin əsas giriş qapısını bağlayıblar. Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski bəyan edib ki, ölkəsi Krımdakı həmvətənlilərinin müdafiəsi üçün adekvat addım atmağa hazırdır.
Həmçinin, Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Turbörn Yaqlanda Ali Radanın son qərarları ilə bağlı şikayət edib.
Bu arada Yuliya Timoşenkonun həbs olunması qərarını verən Peçerskiy rayon məhkəməsinin hakimi Rodion Kireev uzunmüddətli məzuniyyətə çıxıb.
Jurnalistlər dalğıcların Viktor Yanukoviçin Mejiqoriyadakı iqamətgahı qarşısındakı Kiyev dənizindən tapdığı qovluqlarda olan ilk 500 sənədi dərc ediblər.
APA TV xəbər verir ki, martın 2-də Maydanda növbəti Xalq Yığıncağının keçirilməsi planlaşdırılır. Facebook-dakı "Evromaydan SOS" qrupunun yaydığı məlumata görə, yığıncaq zamanı yeni hökumətin gördüyü işlərlə bağlı hesabat dinləniləcək.