Ermənilərin öldürdüyü qadının hörükləri, 5 yaşlı qızın meyitinin fotosu - AZƏRBAYCANDA İLK
Azərbaycanlılara qarşı törədilən qanlı hadisələrlə bağlı indiyədək heç yerdə görünməyən fotolar Bakıya gətirilib. Bu faktlar Qarabağ hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Respublika Hərbi Prokurorluğunda yaradılan "Memorial Soyqırımı" muzeyində toplanıb. Mütəxəssis tərcüməçi Şəhla Babayeva bildirdi ki, bu fotoların əksəriyyəti Avropa ölkələrindən gətirilib. Çünki bunların burda tapılması, aşkar edilməsi o qədər də asan olmayıb. Bu faktlar azərbaycanlılara qarşı zaman-zaman törədilən soyqırımı hadisələrini özündə əks etdirir. Muzey 4 bölmədən - tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla 320 kvadratmetr sahədə yerləşir. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar var. Bu guşələrdə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, "Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhələsi" kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətlərin cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotolar sərgilənir. Muzeydə diqqət çəkən bölmələrdən biri də Xocalı və ətraf əraziləri özündə əks etdirən maketdir. İbtidai istintaq materialları əsasında hazırlanan maketdə dinc əhalini qanunsuz erməni silahlı birləşmələri və 366 motoatıcı alayın bölmələrinin amansızlıqla qətlə yetirilməsi yer alıb. 2005-ci il mayın 5-dən etibarən Hərbi Prokurorluqda aparılan istintaq işi üzrə sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 296 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunmalarına dair qərarlar çıxarılmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışları elan edilib. Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini əks etdirən əşyalar yer alıb. Erməni silahlı dəstələrinin Meşəli kəndinə hücumu zamanı bütünlüklə qətlə yetirilmiş Novruzovlar ailəsindən Adilə Novruzovanın hörüklü saçları, geyimləri də saxlanılan eksponatlar sırasındadır. Erməni terrorunu əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.