Eks-prezidentlərdən Rusiyaya çağırış: "UKRAYNANIN DAXİLİ İŞLƏRİNƏ QARIŞMA!"

Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda günahlandırıblar. Onların bəyanatını "Bizim Ukrayna" partiyasının siyasi şurasının rəhbəri İrina Vannikova öz "facebook" səhifəsində yerləşdirib.

 

Bəyanatda deyilir: "Ukraynadakı vəziyyəti siyasi yolla həll etməyə çalışan beynəlxalq tərəfdaşlarımızı Ukraynanın daxili işlərinə qarışmaqda günahlandıran Rusiya özü Krımın siyasi həyatına birbaşa müdaxilə etmək yoluna əl atıb. Rusiya Dövlət Dumasının nümayəndələrinin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun keçirilməsi təklifləri və ya Krım Muxtar Respublikası Ali Sovetinin bununla bağlı müraciəti Ukraynanın konstitusiya quruluşunun və ərazi bütövlüyünün pozulmasına çağırış kimi mühakimə olunmalıdır".

Keçmiş prezidentlər Ukraynanın federallaşması ssenarisini təhlükəli hesab edirlər.

APA TV-nin xəbərinə görə, Ukraynada prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Oleq Rafalskini ölkənin prezident administrasiyasının müvəqqəti rəhbəri təyin edib. Rafalski 2011-ci ildən prezident administrasiya rəhbərinin müavini vəzifəsini icra edib. Bu arada Turçinov Ukrayna silahlı qüvvələrinin Ali Baş Komandanı səlahiyyətlərini öz üzərinə götürməsi ilə bağlı sənəd imzalayıb.

 

Müəllif | Apa.Tv