Krımda RUSİYA TƏRƏFDARLARI VƏ ƏLEYHDARLARI AKSİYA KEÇİRİR
Simferopol şəhərində - Krım Muxtar Respublikası parlamentinin binası qarşısında yerli tatarların Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası keçirilir. Aksiyada azı 5 min Krım tatarı iştirak edir. Onlar yerli hakimiyyəti Ukraynanın ərazi bütövlüyünü pozmamağa çağırırlar. İnsanlar əllərində Ukraynanın, Avropa Birliyinin və Krım tatarlarının bayraqlarını tutublar. Bu aksiyadan bir qədər aralıda isə yerli kazak təşkilatlarının üzvləri və rusiyayönümlü insanlar toplaşıb.
Bu arada Ukrayna Xarici İşlər Nazirliyi ölkədədaxili vəziyyətlə bağlı bəyanat yayıb. Ukrayna xarici siyasət idarəsinin bəyanatında qeyd olunub ki, hazırda ölkənin böhrandan çıxarılması üçün bütün lazımi addımlar atılır. Ali Radanın qəbul etdiyi qərarların legitimliyini artıq Ukraynanın əksər beynəlxalq tərəfdaşları tanıyıb. Kiyevdə və ölkənin digər şəhərlərdə ictimai əsayiş bərpa olunub.
Sənəddə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına da münasibət bildirilib. Ukrayna xarici siyasət idarəsi qeyd edib ki, Ukraynada milli azlıqlar və dini konfessiyaların nümayəndələrinin hüquqlarının təhlükədə olduğuna dair iddialar əsassızdır.