Krımda QARŞIDURMA: VƏZİYYƏT GƏRGİNLƏŞİR

Simferopol şəhərində - Ukraynanın Krım Muxtar Respublikası parlamentinin binası qarşısında yerli tatarların Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası davam edir. APA TV-nin xəbərinə görə, binanın qarşısında Rusiyameylli qüvvələrin – yerli kazak təşkilatlarının və “Rus birliyi" Partiyasının mitinqi də keçirilir. Toplaşanların ümumi sayının 7-10 min nəfər olduğu bildirilir. İki aksiyanın iştirakçıları arasında qarşıdurma baş verib. Şuranın önündə 100-ə yaxın milis əməkdaşı keşik çəkir və onlar bir-birinə qarşı olan kütləni ayırmağa çalışırlar. İğtişaşlar zamanı xəsarət alanlar da olub. Milis əməkdaşları binanın əsas qapısından içəriyə yalnız deputatlar və hüquq-mühafizə orqanlarının əməkdaşları buraxır.

Krım parlamentinin deputatları – Krım Tatar Məclisinin lideri Refat Çubarov və “Russkoye yedinstvo”nun rəhbəri Sergey Aksenov mitinqçilərin qarşısına çıxaraq insanları sakitliyə çağırıblar.
Krım parlamentinin sədri Vladimir Konstantinov isə bildirib ki, parlament muxtar respublikanın Ukraynanın tərkibindən çıxması məsələsini qaldırmır.
 

Müəllif | Apa.Tv
Apa.tv