Xocalı hadisələrinin şahidi: "Ermənilər anamı tikə-tikə doğradılar"
Fevralın 26-da səhər saatlarından dövlət rəsmiləri və sadə vətəndaşlar "Xocalı" abidəsini ziyarət edirlər. Hökumət rəsmilərindən sonra müxtəlif təşkilatların nümayəndələri, məktəblilər, eyni zamanda sadə vətəndaşlar abidəni ziyarət edərək şəhidləri ehtiramla anırlar.
Ziyarətə gələn insanlar arasında faciə qurbanlarının yaxınları və o dəhşətli gecəni gözləri ilə görən insanlar var. Şahidlərin dediyinə görə, ermənilər Xocalıya 4 istiqamətdən hücuma keçiblər. Hücum ilkin olaraq, Xankəndi istiqamətindən başlayıb. Əvvəlcə Xankəndindəki 366-cı alayın iştirakı ilə Xocalı aeroportu ələ keçirilib və oradan da şəhərə doğru hərəkət başlayıb. Düşmən eyni zamanda Xocalıya ermənilərin məskunlaşdıqları Noraguh kəndi istiqamətindən də hücuma keçib. Digər istiqamət isə Mehdibəyli kəndi olub ki, buradan da ermənilər əvvəlcə evləri yandırıb daha sonra qarşılarına çıxan dinc əhalini vəhşicəsinə qətlə yetiriblər. Xocalıya hücumun dördüncü istiqaməti isə Kətik kəndi olub.
Qanlı hadisələrin şahidləri deyir ki, ermənilərin hücumu zamanı sakinlər gecənin qaranlığında meşələrdən keçərək milli ordunun nəzarətində olan ərazilərə çatmaq istəsələr də, düşmən pusqusuna düşüblər. Elə əsas qırğınlar da Şelli, Abdal Gülablı istiqamətindəki taxıl zəmisində və Naxçıvanik kəndindəki donuz fermasının yaxınlığında baş verib.
Xocalı sakini Göyüş Həsənov APA TV-yə deyir ki, Kətik dağının arasında Naxçıvanik deyilən erməni kəndinə çatanda ermənilərin qurduğu pusquya düşüblər: "Eyni vaxta həm Əsgəran istiqamətində, həm də dağ tərəfdən əhalini güllələməyə başladılar. Camaat pərən - pərən düşdü, orda qırılan qırıldı, az adam yenidən Xocalıya doğru geri qayıtdı".
Həmin gecə anası atası, iki qardaşı və qohumları ilə bərabər evdən çıxan Sevda Kərimova Ağdama təkcə gəlməli olub. Gözünün qarşısında güllələnən valideynlərinin meyitini çıxara bilsə də, indiyədək qardaşlarından xəbərsizdir: "Anamla atamı gözümün qarşısında güllələdilər. Onların meyitini basdıranda gördüm ki, anamı tikə-tikə döğrayıblar. Həmin gecə qardaşım mənə dedi ki, qaçım, əsir düşməyim. Mən qaçdım, tanımadığım dəstəyə qoşuldum. Ondan sonra qardaşlarımı bir də görə bilmədim".
Xocalıda Milli Ordunun tərkibində döyüşən Hüseynağa Quliyev həmin gündən sonra ömrünün 15 ayını erməni əsirliyində keçirib. Gördüklərini hələ də unuda bilmir: "Həmin gecə camaatın bir hissəsini Əsgəran istiqamətindən çıxarmaq istədik. O zaman bizə demişdilər ki, sakinləri çıxarmaq üçün bir dəhliz verəcəklər. Biz də o istiqamətə gəldik. Bu vaxt ermənilər atəş açdılar. Biz orda əsir düşdük. Əsirlikdə olanda gözümüzün qabağında yoldaşlarımızın başını kəsirdilər. Qadınların qarnından doğulmamış körpələri çıxarırdılar. Yoldaşımızın birinin ürəyini çıxarıb bizə göstərdilər. Sanki bizdən intiqam alırmış kimi..."
Faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq saat 17:00-da Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Bakı buxtasında gəmilər, metro və yerüstü qatarlar fit verib. Qeyd edək ki, Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.