"Gördüyüm işgəncələrdən ölmədiyim üçün ermənilər şoka düşmüşdülər" - ANIM

Cəmi üç-dörd ay öncə ailə qurduğu qadın bir axşam ona qəribə bir sirr açacaqdı... Həm də ürəyinə nələrinsə damdığını deyərək izhar edəcəkdi öz müqəddəs sirrini..  Sən demə, "deyəsən bu axşam öləcəm, gəl sənə yazdığım şerləri oxuyum" deməklə ifadə duyğuları ərinə söyləyə bildiyi ən ülvi sözlər imiş. Xilas olmağa cəmi 500 metr qalmış güllə onu haqlayacaqdı. O qadın dünyanı dəhşətə gətirən Xocalı faciəsinin yazıldığı tarixin öz adı boyda bir hissəsi oldu. Həyat yoldaşını, onunla bərabər çox adamı, çox şeyi itirdi.

 

Xocalı şahidi Valeh Hüseynov başına gələnləri APA TV-yə danışır.

 

Valeh Hüseynov Xocalının müdafiəçilərindən olub. Xocalı ermənilər tərəfindən yer üzündən silinən gün çoxunun həyatını xilas edə bilsə də, öz doğmalarını, həyat yoldaşını ölümün cəngindən ala bilmir. Gülləsi qurtarır. Buna baxmayaraq, sağ ikən ömrünü ona etibar eləmiş ömür gün yoldaşının meyitini tək qoyub gəlmir.

 

Özlərini öldürməyə belə güllələri qalmır. Əlbəyaxa olurlar düşmənlə. Amma quduzlaşmış ermənilər həmin döyüşdə sursatı qurtaran 14 döyüşçünü əsir götürürlər. Və məşəqqətləri də ondan sonra başlayır.

 

Düşmən onu ölmüş erməni əsgərlərinin ruhuna qurban deyir. Başını kəsməyə aparırlar. Amma görəcəkləri hələ yaşayacağı 27 günlük əsirlik həyatında imiş...

 

Ən amansız zülmlərdən salamat çıxarır tale onu. Hətta ermənilıər Valeh Hüseynovu qəsdlə döyüş meydanında atırlar ki, ölsün. Lap yaxınlığından Azərbaycan əsgərləri keçsə də, şansı gətirmir - yaralı halda döyüldüyündən tərpəməyə,  səsini çıxarmağa taqəti olmur. Yenidən ermənilərin əlinə keçəndə düşmən onun ölmədiyinə təəccüb edir. Əsirlikdən geri alınanda yaşamağa ümidi qalmasa da, həyata dönə bilir. Özü deyir ki, faciədən öncəki illərinin xatirəsinə söykənib yaşayır  hələ ki...

 

Xocalıya getmək üçün özündə güc axtarır.

 

Valeh gitara ifaçısıdır. Deyir ki, ömrünün ən şux nəğməsini Xocalı torpağında sevgisinin ruhu qarşısında səslənəcək. Amma gitara ilə yox: Qanı qanla yuyan silahla... 

 

Müəllif | Apa.Tv