Masallıda ev partladı: ANA VƏ İKİ ÖVLADI AĞIR VƏZİYYƏTDƏDİR

Masallı rayonunun Türkoba kəndində fərdi yaşayış evində  güclü partlayış olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə kənd sakini Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı evdə qeydə alınıb.

 

Məlumata görə, əraziyə təbii qazın verilişində fasilə yarandığı üçün ev sahibləri qaz sobasında odun yandırıblar. Sonradan qazın verilişi bərpa olunanda partlayış baş verib.

 

Nəticədə ev sahibinin həyat yoldaşı, 47 yaşlı Faiqə Məlik qızı Nəsirova və iki övladı - 17 yaşlı İslam, 6 yaşlı Güldərə müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb. Onlar Masallı Mərkəzi Rayon Xəstəxanasının travmatologoya şöbəsinə yerləşdiriliblər. Burada yaralılara müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, hər üçünün vəziyyəti ağır olduğu üçün Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.

 

Partlayışdan sonra baş vermiş yanğın nəticısində evin bir otağı içərisindəki məişət avadanlıqları ilə birlikdə yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv