Krımda toqquşmalarda 2 NƏFƏR ÖLÜB, 30 NƏFƏR YARALANIB

Krım ətrafında vəziyyət daha da gərginləşib. Parlamentin binası qarşısındakı nümayişdə artıq iki nəfər ölüb, 30 nəfər xəsarət alıb. APA TV-nin xəbərinə görə, Simferopolda Krım Ali Radasının qarşısında keçirilmiş mitinq zamanı tibb müəssisələrinə 30 nəfər müraciət edib, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Üç nəfərin vəziyyəti ağır, daha üç nəfərinki isə orta ağır kimi qiymətləndirilir. Bir nəfər nümayişlər zamanı ürək tutmasından, bir qadın nümayişçilərin ayaqları altında qalaraq ölüb.

 

Nümayişlər isə səngimək bilmir. Krım tatarlarının bir qrupu Rusiya bayrağını yandırıb və “Krım Rusiya deyil” şüarını səsləndirib. 20 nəfərdən çox tatar əllərinə taxta dəyənəklər alaraq Krım parlamentinin yan qapılarından parlamentin binasına soxulub. Onlar devrilən eks prezident Viktor Yanukoviçin Regionlar Partiyasından olan spiker Vladimir Konstantinovu görmək istədiklərini deyiblər, amma Krım tatarlarının lideri Rüfət Çubarov onları dəhlizdə qarşılayıb və sakitləşdirə bilib.

 

Bundan əlavə Sevastopol şəhər Administrasiyasının başçısı Vladimir Yatsuba vəzifəsindən istefa verib və Regionlar Partiyasından çıxıb. Onun yerinə biznesmen, Rusiya vətəndaşı  Aleksey Çalıy seçilib. Çalıy bildirib ki, inqilaba yol verməyəcəklər, yalnız təkamül olacaq. Lakin elə həmin gün şəhər administrsiyası və şəhər şurasının binalarından Ukrayna bayraqları yığışdırılıb.

 

Müəllif | Apa.Tv