Krımda parlament binasını ələ keçirənlərlə danışıqlar nəticəsiz qalıb
Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədri Anatoli Moqilyov hökumət binalarını zəbt etmiş şəxslərlə görüşüb. Görüş Krım Nazirlər Şurası binasının foyesində baş tutub. Binaları zəbt etmiş şəxslər danışıqlar aparmaq və tələblər irəli sürmək səlahiyyətində olmadıqlarını bildiriblər. Ukrayna Baş Prokuroluğu isə Krımda hökumət binalarının ələ keçirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin terrorçuluq maddəsi ilə cinayət işi başlayıb.
Eyni zamanda Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov hüquq-mühafizə orqanlarına Krımda Nazirlər Şura və parlament binalarının azad edilməsinə dair göstəriş verib. O, Ali Radanın iclasında Rusiyadan baza sazişlərinə əməl etməyi tələb edib. Onun sözlərinə görə, istənilən hərəkət, xüsusən də silahla, hərbi təcavüz kimi qiymətləndiriləcək.
Krım Muxtar Respublikasında parlament və hökumət binasının üzərində Rusiya dövlət bayrağı dalğalanır və binları ələ keçirmiş silahlı şəxslər özlərini “Krımın rusdilli əhalisinin özünümüdafiə qüvvələrinin təmsilçiləri” kimi təqdim ediblər.