Ukraynanın Azərbaycandakı səfiri: “Əminik ki, Rusiya beynəlxalq öhdəlikləri pozmayacaq”

"Ukraynanın ərazi bütövlüyü bu ölkədə müzakirə olunmayan məsələdir".

APA TV-nin xəbərinə görə, bu fikirləri Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ukraynadan ayrılacağı iddia edilən Krımın parlament sədri də dəfələrlə bəyan edib ki, muxtar respublikanın Ukrayna tərkibindən çıxarılması məsələsi müzakirə obyekti deyil. Səfir Krımın Rusiya, yaxud Türkiyəyə birləşə biləcəyi barədə iddialara da münasibət bildirib.

 

“Rusiya və Türkiyə hökuməti bu iddiaları təsdiqləməyib. Bu, həmin ölkələrdəki bəzi siyasi qüvvələrin fikirləridir. Hər iki ölkə rəsmiləri  Ukraynada separatizmin baş qaldırmasında maraqlı olmadıqlarını bildiriblər”.

 

Səfir Rusiyanın ölkəsinin strateji tərəfdaşı olduğunu və bu ölkə ilə dostluq münasibətlərin saxlamaqda davam edəcəklərini bildirib. Onun sözlərinə görə, ölkəsi Rusiya ilə məsləhətləşmələr keçirərək, fikir ayrılıqlarını aradan qaldırmağa hazırdır. O Rusiyanın Krım yarımadasına əlavə hərbi qüvvələr cəmləşdirməsindən xəbərsiz olduğunu deyib.

 

“Biz əminik ki, Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozmayacaq. Heç bir yerdə bəyan edilməyib ki, Rusiyanın Krıma qarşı ərazi iddiaları var. Müəyyən qüvvələrin qarşıdurması var, bu, normal haldır. Krımda baş verənlər Ukraynanın daxili işidir, bu məsələləri həll edəcəyik”.

 

Aleksandr Mişşenko bəyan edib ki, Ukraynada heç bir xaos yoxdur. Onun sözlərinə görə, Ukraynadakı hakimiyyət legitimdir və qanunvericiliyə uyğun olaraq prezidentin səlahiyyətlərini parlamentin sədri icra edir. Səfir Avropaya inteqrasiyanın Ukrayna xarici siyasətinin əsas istiqaməti olduğunu vurğulayıb. O Azərbaycan-Ukrayna münasibətlərinə də toxunub.

 

“Ukrayna yaşadığı siyasi böhrana rəğmən, Azərbaycanla strateji, bərabərhüquqlu münasibətləri davam etdirəcək. Bu əlaqələr bütün siyasi qüvvələr üçün prioritetdir. Azərbaycanın Ukraynada güclü diasporu var. Mən Ukraynada gedən prosesləri konstruktiv dəyərləndirdiyinə görə rəsmi Bakıya təşəkkür edirəm. Azərbaycan dəfələrlə bəyan edib ki, Ukrayna xalqı öz problemlərin öhdəsindən gələcək”.

 

Ukraynalı diplomat ölkəsində qanun-qaydanın qorunması üçün "Berkut"un əvəzinə yeni bir strukturun yaradılacağını bildirib. 

Müəllif | Apa.Tv