Rüstəm Usubov: "Markaryan avtobusu azərbaycanlıların üstünə sürərək 4 nəfəri öldürüb"

"Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır edib. Ona görə də həmin iş təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir".

 

APA TV-nin xəbərinə görə, bunu baş prokurorun müavini Rüstəm Usubov deyib: "Hadisələrdən 26 il keçməsinə baxmayaraq, ermənilər dünya ictimaiyyətini aldatmaqdan əl çəkmir, əsl mahiyyəti gizlədərək, "soyqırım" kimi təqdim etməyə çalışırlar. Halbuki, araşdırmalar yüzlərlə erməninin hadisələrin baş verəcəyindən əvvəlcədən xəbəri olduğunu göstərir".

 

R.Usubov qeyd edib ki, Sumqayıt hadisələri ilə bağlı MTN və Baş Prokurorluq tərəfindən birgə istintaq qrupu yaradılıb. İstintaq işinin gedişi göstərir ki, hadisənin əsl təşkilatçıları məsuliyyətdən kənarda qalıb. Onların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib: "İş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan və RF-nın müxtəlif vilayətlərindən olan müstəntiqlər aparıblar və belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər xarici dövlətlərin xüsusi xidmət orqanları ilə birgə təşkil ediblər. Lakin  istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsində maraqlı olmayıblar. Azərbaycan əsilli müstəntiqləri isə prosesdən kənarda saxlamağa çalışıblar".

 

Fevralın 27-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr edilən "Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət" mövzusunda dəyimi masa keçirilib.

 

Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nın sədr müavini İbrahim Məmmədovun müəllif, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin isə elmi redaktoru olduğu “Azərbaycana qarşı təxribat: Qriqoryan qardaşları” adlı kitabın təqdimatı da olub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı