Ukraynada BAŞ NAZİR SEÇİLDİ
Ukrayna Ali Radasında yaradılan “Avropa seçimi” koalisiya çoxluğu baş nazir vəzifəsinə “Batkivşina” fraksiyasının lideri Arseni Ysenyukun namizədliyini irəli sürüb. 1974-cü il təvəllüdlü Arseni Petroviç Yasenyuk 371 deputatın səsi ilə baş nazir vəzifəsinə təsdiqlənib.
APA TV-nin xəbərinə görə, deputatlar qarşısında çıxış edən Arseni Ysenyuk bildirib ki, 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunun tərəflərini Ukraynanın ərazi bütövlüyünə təminat verməyə çağırıb. O, bildirib ki, Krım Ukrayna ərazisi olub və olacaq. Ukrayna öz ərazi bütövlüyünü qorumaq üçün bütün legitim və Konstitusion vasitələrdən istifadə edəcək.
Yeni baş nazir çıxışında ölkədə yaranmış ağır sosial-iqtisadi durumun üzərində xüsusi dayanıb. Onun sözlərinə görə, Yanukoviç-Azarov hakimiyyəti offşor zonalar vasitəsilə ölkədən 70 milyard dollar çıxarıb, dövlət borcu 75 milyard dollara çatıb, xəzinə talan edilib və boşdur. Belə ki, 20 milyard dollardan çox qızıl-valyuta ehtiyatı talanıb, alınan 37 milyard dollar kredit naməlum istiqamətdə yoxa çıxıb. Vahid xəzinə hesabında 4,3 milyon qrivna qalıb ki, bu, heç nəyə çatmaz.
Təcili şəkildə beynəlxalq valyuta qurumları ilə danışıqları bərpa etməyin vacibliyini bildirən Yasenyuk hesab edir ki, maliyyə sistemini sabitləşdirmək üçün imkanlar var. Baş nazir hökumətin proqramında 1 saylı vəzifənin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması olduğunu açıqlayıb.