"Bahar yorğunluğu": fəsil dəyişməsi, yoxsa xəstəlik? - MƏSLƏHƏT

Mövsümlər dəyişdikcə gəlişləri ilə özünəməxsus xəstəliklər də gətirilər. Elə yaz fəsli də bura aiddir. Bu fəsil havaların isinməyə başlaması və təbiətin oyanışı ilə bərabər bir çox insanın özünün daha yaxşı hiss etməyə başladığı dönəmdir. Bununla bərabər yazın əvvəlində özünü halsız, yorğun hiss edənlər də var. İnsanlar arasında bu daha çox “Bahar yorğunluğu” kimi ifadə olunur. Bu isə iqlim dəyişikliyinin vücudda yaratdığı yorğunluq kimi tanınır.  Nevrpotoloq Hikmət Qarayev APA TV-yə deyir ki, bahar yorğunluğu bioloji səbəbdən ortaya çıxır: “Havaların istiləşməsi ilə maddələr mübadiləsi sürətlənir və qanda durulaşma prosesi gedir. Orqanizm daha çox günəş işığı alır və insan bədənində bioloji proseslər artır. Xüsusilə, 50 yaşdan yuxarı olanlar bu dövrdə diqqətli olmalıdırlar. Ürək xəstələri tez-tez həkimləri ilə məsləhətləşməlidirlər.”

Həkim-nevropotoloq Hikmət Qarayev deyir ki, hər fəsil dəyişəndə insanlar bu dəyişikliyi hiss edirlər. Bu həm müsbət, həm də mənfi dəyişikliklər ola bilər. Müsbətə doğru dəyişkənlik bilavasitə emosiyalarla bağlı olur. Bundan əlavə əsəbi və qan təzyiqi stabil olmayan insanlarda fəsil dəyişkənliyi  mənfi təsirlərlə daha çox yadda qalır. Metohəssas insanlar bunu daha çətin keçirir. Urək ağrıları, yuxusuzluq, tənbəllik kimi  hallar daha da artır. Mövsümi dəyişikliklərlə yoluxucu xəstəliklər, tənəffüs yolu xəstəlikləri, astma və digər allergik xəstəliklər çoxalır. Xüsusilə uşaqlar, qocalar və müəyyən xəstəliyi olan şəxslər bu sürətli keçiş dövrlərində daha diqqətli olmalıdırlar. Bahar fəsli insanların duyğularına da təsirsiz ötüşmür. Hikmət Qarayevin sözlərinə görə yazda depressiya riski də artır. Depresiyada olan bəzi insanlar özünü yorğun, kefsiz, hiss edir. Ətrafdakılarla az danışır. Bəzən özünü yersiz günahlandırır. Bəs bahar yorğunluğundan qorunmaq üçün nə etmək lazımdır? Həkim bildirdi ki, həssas insanlar əvvəldən hazırlıqlı olmalıdırlar. Həyat tərzlərində dəyişiklik etməlidirlər. Yuxudan tez oyanmaq insanda bu halın aradan qalxmasına kömək edir. Yorğun insanlar dincəlməyə üstünlük verməlidirlər. Yüngül sakitləşdirci, təbii tərkibli dərmanlar qəbul edilməlidir. Fəsillər dəyişərkən qidalanmağa da diqqət yetirmək vacibdir.  Qida rasionundan meyvə və tərəvəzləri əskik etmək düzgün deyil. Xüsusilə tərkibində "C", "D" və "E" vitaminləri olan qidalardan da bol miqdarda istifadə olunmalıdır. Həmçinin istək əsnasında tərəvəz və meyvə ağırlıqlı qidalardan istifadə edilməlidir. Tənbəlliyi qəti yaxına buraxmaq olmaz. Əksinə, gün ərzində daha çox hərəkətli olmaq lazımdır. Açıq havada gəzməyə, idmanla məşğul olmağa üstünlük verilməlidir. Otağın havasını tez-tez dəyişməyi unutmaq olmaz. Mütəxəssislər bildirir ki, bədənin susuzuluğunu aradan qaldırmaq üçün gün ərzində 3 litr su içmək lazımdır.

"Bahar yorğunluğu"ndan əziyyət çəkməmək üçün yuxu ritminə də diqqət yetirmək lazımdır. Rahat yatmaq üçün gün ərzində qarşılaşdığınız bütün stress doğuran hadisələri yaddan çıxarçağı unutmayın.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı