ABŞ Dövlət Departamenti Ermənistanı dolayı yolla işğalçı adlandırdı
Separatçılar Ermənistanın dəstəyi ilə, əvvəllər olduğu kimi, Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha yeddi bölgəsini nəzarət altında saxlayır. Bu barədə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış, dövlət katibi Con Kerrinin Vaşinqtonda təqdim etdiyi, dünyanın bir sıra ölkələrində insan haqlarının vəziyyətinə dair ənənəvi illik hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağın yekun statusu Rusiya, Fransa və ABŞ-ın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun beynəlxalq vasitəçiliyinin predmeti olaraq qalır. “İl ərzində hərbiləşdirilmiş təmas xətti boyunca insidentlər davam edib və hər iki tərəfdən çoxsaylı insan tələfatına səbəb olub. Təmas xəttində mülki əhali arasında tələfat barədə məlumat daxil olmayıb”.
“Azərbaycan və Ermənistan arasındakı münaqişə zamanı faciəvi insan itkisi bizə bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz”. Bu barədə isə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə deyib.
C. Psaki bildirib ki, münaqişənin sülh yolu ilə nizamlanması regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasına yardım edə bilər. O əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ sülhə nail olunması üçün bütün tərəflərlə əməkdaşlığa sadiqdir.