Rada qarant ölkələrə müraciət etdi: Rusiyanı dayandırın!

Ukrayna parlamenti ölkənin ərazi bütövlüyünə qarant olan ölkələrə Krımda baş verən hadisələrlə bağlı müraciət qəbul edib. Müraciətin lehinə 230 deputat səs verib. ABŞ, Böyük Britaniya və Rusiyaya ünvanlanan müraciətdə bildirilir ki, bu ölkələr Ukraynanın ərazi bütövlüyünə qarantiya verdiklərini bir daha rəsmən təsdiqləməli və Ukraynaya qarşı hərbi müdaxilə etməyəcəklərinə dair öhdəlik götürməlidir. Rada ölkədə yaranmış gərgin vəziyyətlə bağlı qarant ölkələr və beynəlxalq təşkilatların iştirakı ilə məsləhətləşmələr aparmağa hazır olduğunu bəyan edib. Parlament həmçinin Ukrayna ərazisində yaşayan Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının qorunacağına söz verib. Deputatlar Krımda inzibati binalar və aeroportun silahlı şəxslər tərəfindən ələ keçirilməsindən, Ukrayna tərəfi ilə razılaşdırmadan Rusiyaya məxsus hərbi texnikanın Krımın mərkəzinə doğru hərəkətə başlamasından narahat olduqlarını bəyan ediblər. Müraciətdə Rusiyadan Krımda separatçılığı dəstəkləməyi dayandırmaq və ölkənin ərazi bütövlüyünə dair öhdəlik götürmək tələb edilir. 

Müəllif | Apa.Tv
Apa.tv