Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun tikintisi ilə maraqlandı
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionu orijinal layihə əsasında inşa edilir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İlham Əliyevə ötən müddətdə layihə əsasında görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycan Prezidentinə stadionun müxtəlif görüntüləri təqdim edilib. Bildirilib ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur.
2011-ci ildə təməli qoyulan və 70 min tamaşaçı tutumu olacaq Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin çox hissəsi həyata keçirilib. Burada əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina inşa olunur. Ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaq.
Tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Həmin gün prezident İlham Əliyev yeni salınan avtomobil yolunda görülən inşaat işlərinin gedişi ilə də tanış olub. Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolun uzunluğu 17 kilometrdir. Yolun bəzi hissəsi dörd, bəzi hissəsi isə altızolaqlı olacaq. Bildirilib ki, bu magistral yol birbaşa yeni inşa olunan Olimpiya Stadionu ilə də səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
Prezident həmçinin Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, gölün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə olacaq. Gölün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaq. Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək.