Yanukoviç: "MÜBARİZƏYƏ DAVAM EDƏCƏYƏM"

"Mən Ukraynanın gələcəyi uğrunda mübarizə aparmağa davam edəcəyəm. Ölkəni ailəmin təhlükəsizliyini təmin etmək üçün tərk etmişəm".

 

APA TV xəbər verir ki, bu sözləri Ukraynadan qaçmış prezident Viktor Yanukoviç keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ukraynada hakimiyyəti milliyyətçi, faşist canilər ələ keçirib: "Onlar ölkədə az bir hissənin maraqlarına xidmət edir. Bu vəziyyətdən çıxmaq üçün Fransa, Almaniya və Polşanın xarici işlər nazirlərinin iştirakı müxalifətlə birgə əldə etdiyimiz müqavilə həyata keçirilməlidir. Silahlı insanlar küçələrdən getməlidir. Normal həyat təmin edilməlidir. Kiyev və bütün regionların maraqları təmin edilməlidir".

 

Onun sözlərinə görə, bu vəziyyətdən çıxmaq çətin olacaq, lakin Ukrayna güclü dövlətdir. Hakimiyyətdən getmiş prezident vətəndaş cəmiyyəti nümayəndələri ilə razılaşdırılaraq, ümumxalq referendumunun keçirilməsini təklif edib.

 

Yanukoviç Ali Radanı legitim saymır: "Ukraynada baş verənlər  qanunsuzluq, terror və xaosdur. Parlamentdə olanları Maydan diktə edir və deputatlar güc yolu ilə səs verir. Müxalifət və xarici vasitəçilərlə birgə imzalanmış və yerinə yetirilməyən müqavilə vəziyyəti nəzərəçarpan dərəcədə dəyişər və radikalların bizi saldığı vəziyyətdən  çıxarar".

 

O, Krımla bağlı məsələyə də toxunaraq bildirib ki, bu ərazi Ukraynanın tərkibində qalmalı və ən geniş muxtariyyətini saxlamalıdır.

 

O qırğına və fitnəyə yol verməmələri üçün Krım əhalisinə müraciət edib,  Ukraynada baş verənlərə və ölkədə stabilliyi qorumaq üçün gücünün yetmədiyinə görə, öz xalqından üzr istəyib.

 

Müəllif | Apa.Tv