Nobel prospektində “Toyota” “BMW” və 2 “Mercedes”i əzdi – ZƏNCİRVARİ QƏZA
Ötən gecə Bakının Nobel prospektində zəncirvari yol qəzası baş verib. Qəza zamanı dörd avtomobil toqquşub.
Xətai Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, zəncirvari qəzada dörd nəfər xəsarət alıb. Bunlar 37 yaşlı Abbasova Təzəgül Çərkəz qızı, onun qızı, 17 yaşlı Abbasova Nazxanım Əfəndi qızı, eləcə də, 27 yaşlı Əhmədov Çingiz Muxtar oğlu və 27 yaşlı Mustafayev Tural Nizami oğludur.
İlkin ehtimala görə, qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nobel prospekti ilə şəhərin mərkəzi istiqamətində yüksək sürətlə hərəkət edən "Toyota" idarəetmənin itirilməsi nəticəsində maneələri aşaraq yolun əks istiqamətinə düşüb və üç avtomobili əzib. Qəzaya səbəb olan avtomobil əvvəlcə BMW markalı maşına, daha sonra isə iki "Mercedes"ə çırpılıb. Hər dörd avtomobilə ciddi ziyan dəyib. Qəzadan sonra Nobel prospektində Zığ şosesi istiqamətində böyük tıxac yaranıb:
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.