4-CÜ MİKRORAYONDA YANĞIN BAŞ VERİB - HƏYƏCANLI ANLAR
Bakının Nəsimi rayonu ərazisində, 4-cü mikrorayonda yanğın olub. Hadisə 20 yanvar küçəsindəki yaşayış binasının mənzillərindən birində qeydə alınıb. Hadisə yerinə Binəqədi və Yasamal rayonu Dövlət Yanğından Mühafizə hissələrinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Yanğın güclü olduğundan qonşu mənzillərə də qismən ziyan dəyib.
Məlum olub ki, ikiotaqlı mənzildə baş verən yanğın zamanı, 1 otaq və eyvan daxil olmaqla, ümumilikdə 18 kvadrat metrlik sahə tamamilə yanıb. Yanğın zamanı ev sahibi mənzildə olmayıb. Hadisə haqqında ilk olaraq qonşular xəbər tutub və Fövqəladə Hallar Nazirliyinin "Qaynar xətt"inə məlumat veriblər.
Yanğın nəticəsində xəsarət alan olmasa da, həyəcandan ev sahibəsinin vəziyyəti pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzovun verdiyi məlumata görə, yanğına mənzildə çilçırağın partlaması səbəb ola bilər. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.