Qazıməmməd-Qazax magistral qaz kəməri yenidən qurulur
Hər il qış aylarında Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində baş verən sızmalar və qəzalar bəzi rayonlara təbii qaz verilişinin dayanmasına səbəb olur. APA TV-nin məlumatına görə, 1020 millimetrlik magistral boru kəmərin 114-138-ci kilometrlik hissələri korroziyaya uğrayaraq yararsız hala düşdüyü üçün yenidən qurulur. Azərbaycan Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin sifarişi ilə yenidən qurulan kəmərin çəkilişinə 100-ə yaxın işçi qüvvəsi və 30-a yaxın müxtəlif təyinatlı ağır texnika cəlb edilib. Bu günə kimi 8 kilometrlik yeni boru kəmərində qaynaq işləri görülüb, yaxın günlərdə həmin kəmərin torpağın 2 metr dərinliyinə salınması nəzərdə tutulur. İşlərin bu ilin sentyabrında başa çatdırılması planlaşdırılır. Sonra isə boru kəmərinin 170-210-cu kilometrlik hissələri yenidən qurulacaq. Hazırda korroziyaya uğramış köhnə qaz kəməri ilə saatda 150 min kub qaz ötürülürsə, gələcəkdə yeni qaz xətti ilə saatda 350-400 min kub qaz ixrac etmək mümkün olacaq.
Qeyd edək ki, 1970-ci ildə istismara verilən 1020 millimetrlik Qazməmməd-Qazax qaz kəmərində 2012 və 2013-cü illərdə iki dəfə güclü partlayış baş vermişdi. Yanğınla müşahidə olunan həmin qəzalar kəmərdəki sızma səbəbindən yaranmışdı. Həmin vaxt dağlıq ərazidə alov 100 metrdən çox yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilirdi. Göyçay və ətraf rayonlara təbii qaz isə verilişi isə 4 gün ərzində dayandırılmışdı.