Bakıda tapılan insan ayağının qəsdən kəsilməsi ehtimalı artır - CİNAYƏT
Bakının Suraxanı rayonu ərazisində tapılan kəsilmiş insan ayağın kimə məxsus olduğu hələ aydınlaşmayıb. Hüquq-mühafizə orqanlarının bununla bağlı tibb müəssisələrinə göndərdiyi sorğuya cavab gəlməyib. Bu barədə APA TV-yə Suraxanı rayon 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev deyib. Kəsilmiş ayaqda qanqren əlamətlərinə oxşar digər əlamətlər aşkarlandığından ayağın bir neçə gün əvvəl kəsildiyi ehtimalı var. Məhz bu səbəbdən dərhal yaxınlıqda olan “Azərsutikinti” xəstəxanasına və Sabunçuda yerləşən 3 saylı xəstəxanaya polis əməkdaşları göndərilib. Lakin xəstəxanalardan bildiriblər ki, son bir həftə ərzində ayaq amputasiyası ilə bağlı hər hansı əməliyyat keçirilməyib. Qeyd edək ki, kəsilmiş ayaq Neapol dairəsindən Qaraçuxur qəsəbəsinə gedən yolun yaxınlığında, "Kərpic zavodu" adlanan ərazidəki zibillikdə aşkar olunub.