Tibb Universitetinin yataqxanasında yanğın: 2 NƏFƏR TÜSTÜDƏN ZƏHƏRLƏNDİ, 20 TƏLƏBƏ TƏXLİYƏ OLUNDU

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Tibb Universitetinin yataqxanasında yanğın olub. Hadisə bu gün saat 10.00 radələrində qeydə alınıb. Hadisə yerinə dərhal iki yanğınsöndürən maşın cəlb edilib.


Səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kvadratmetr olan otağının yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunub və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Binanın 3, 4 və 5-ci mərtəbələrindən 20 nəfər xarici tələbə təxliyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub və alov söndürülüb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Qeyd edək ki, yanğın baş verən yataqxananın təmirə dayandırılmasına qərar vermək üçün bu gün xüsusi komissiya gəlməsi planlaşdırılırmış.
 

Müəllif | Apa.Tv