Gənclər Fondu ötən ilki fəaliyyətinə yekun vurdu

“Azərbaycanın QHT sektorunda fəaliyyət göstərən gənclər təşkilatlarına dövlət tərəfindən xüsusi dəstək verilir”. Bu fikirləri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü ildəki fəaliyyətinə həsr olunmuş yekun konfransda söyləyib. Gənclər Fondu II və III qrant müsabiqəsi çərçivəsində 501 layihənin dəstəklənməsinə 3,6 milyon manat ayırıb: “İki müsabiqə çərçivəsində 501 layihə maliyyələşdirilib. Onlardan 284-ü Gənclər Təşkilatlarının , 217-i isə fərdi şəxslərin irəli sürdükləri layihələrdir. Lakin qazanılan uğurlarla yanaşı, bir sıra neqativ hallar da var. Layihələrin icrasının gedişində problemlərə, müqavilə şərtlərinin pozulması hallarına rast gəlinir”.

Azərbaycanda gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi üçün ayrılan vəsaitin həcmi bir çox Avropa ölkələri ilə müqayisədə çoxdur. Bunu deyən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bəzən hansısa xarici dövlətlərin, təşkilatların hesabatlarında Azərbaycanda ictimai fəallığın olmadığı qeyd edilir: “Bəzən xarici təşkilatlardan bizi təftiş etməyə gəlirlər. Ancaq bizi təftiş etməyə gələn həmin xarici təşkilatlar işlərlə tanış olandan sonra etiraf edirlər ki, onların bizdən öyrənmələrinə ehtiyac var”.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə bildirib ki, hazırda Gənclər Fondunun saytında 290 gənclər təşkilatı və 2483 fərdi gənc qeydiyyatdan keçib. Fərhad Hacıyev deyir ki, 4 müsabiqənin nəticəsi olaraq ümumi müraciətlərin sayı 1641, maliyyə dəstəyi alan layihələrin sayı isə 1021 olub. Bu da ümumi müraciətlərin 62 faizini təşkil edir. Gənclər Fondunun dəstək verdiyi layihələrin 65 faizi regionlarda həyata keçirilib.
 

Müəllif | Apa.Tv