Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib
Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində torpaq sürüşməsi yenidən aktivləşib.
Bəzi yerlərdə torpaq uçqunu baş verib, asfalt yolda böyük çatlar əmələ gəlib. Sürüşmə Ağsu aşırımının bir neçə yerində baş verir. 12 saylı Ağsu rayon Yol İstismar İdarəsinin iş icraçısı Eldar İsrafilov APA TV-yə bildirib ki, son günlər yağan yağışlar aşırımlı yolda və dağlıq ərazidə mövcud olan torpaq sürüşməsini xeyli gücləndirib və bunun fəsadlarını tam aradan qaldırmaq hələlik mümkün deyil.
Hazırda Bakı-Yevlax yolunun Ağsu aşırımından keçən 144, 147, 149, 150 və 152-ci kilometrliyində torpaq sürüşməsi müşahidə edilir.
Ağsu rayon Yol İstismar İdarəsindən APA Tv-yə verilən xəbərə görə, yola tökülən torpaq və daşlar təmizlənir, təmir və bərkitmə işləri görülür. Bir neçə yerə təhlükəni bildirən yol nişanları qoyulub, dumana görə yollara ağ xətlər çəkilib.