Maliyyə Nazirliyi: “Sovetski”də 100-ə yaxın mülkiyyətçi evini satıb
Bakıda “Sovetski” adlanan ərazidə artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və pul vəsaiti onların bankdakı hesablarına köçürülüb. “APA-Economics”in verdiyi məlumata görə, bu barədə Maliyyə Nazirliyinin “Sovetski”də nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlak mülkiyyətçilərinə təklif olunan məbləğ barədə kütləvi informasiya vasitələri tərəfindən ünvanlanmış suallara cavabında deyilir.
Nazirliyin cavab məlumatında qeyd olunur ki, “Sovetski”də evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Bu ərazidə yerləşən əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1 500 manat həcmində yuxarı hədd müəyyən olunub. Bu məbləğ müəyyənləşərkən həmin ərazidə kifayət qədər təhlillər aparılıb və müstəqil ekspert rəyləri nəzərə alınıb.
Cavabda bildirilir ki, qeyd olunan sahə Bakının mərkəzinə yaxın ərazidə yerləşsə də, bir sıra amillər “Sovetski”də əmlakın bazar dəyərinə mənfi təsir göstərməkdədir. Tikililərin böyük əksəriyyəti bugünkü şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və digər infrastruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil.
Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1 500 manatdan daha az olduğu müəyyən edilib. Buna rəğmən qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd —1 500 manat təklif olunur.